BİZ İNANIRIQ

Biz Üçlük təşkil edən yeganə həqiqi Tanrıya inanırıq: Tanrı-Ata, Tanrı-Oğul və Tanrı- Müqəddəs Ruh (Yaradılış 1:26, Yeşaya 48:16). Biz Tanrının Ruh olduğuna inanırıq (Yəhya 4:24). O, fiziki insan üçün görünməzdir, vaxt ilə məhdudlaşmayan boşluqda var olandır, amma həqiqidir və Şəxsiyyətdir. Tanrı insanla ünsiyyətdə olmaq istəyir və Onu tapıb dərk etmək üçün imkan verir. O, hər birimiz üçün Səmavi Atadır. O, Özünü insana bəyan edir, onunla danışır, insanların Onu dərk etməklərini və yaxın münasibətdə olmaqlarını arzulayır. O, insanlara Öz varlığını və xasiyyətini adları, yaratdıqları, Kəlam və 2000 il bundan öncə Öz Oğlu İsa Məsihdə göstərdi.


Bütün gücə sahib olan və hər şeyə qadir olan Tanrı qüdrətlidir (Yaradılış 17:1, Vəhy 19:6). Onun qüdrəti o demək deyil ki, O hər şeyi sadəcə istədiyi üçün, məqsədsiz və plansız edir. Tanrı hər şeyi Öz xasiyyətinə, məqsədinə, qərarlarına, izninə, Kəlamına və verdiyi sözə əsasən həyata keçirir. 


Tanrı yer üzündə hər şeyi idarə etsə də, insanların şəxsi seçimlərinə, fikirlərinə və etdiklərinə görə cavabdeh deyil. İnsanlar azad iradəyə malikdir və istədikləri kimi, Tanrı qanunlarını pozaraq və Tanrıya üsyan edərək də yaşaya bilərlər. 


Tanrı hər yerdə var olandır. O hər şeyi bilir, hiss edir və başa düşür. Tanrı müqəddəsdir, gözqamaşdıran dərəcədə pak və təmizdir. O insanlardan ayrıdır. Heç kəs Tanrıya yaxınlaşıb toxuna bilməz. O yüksək əxlaqlı və qüsursuzdur, natəmiz və çirkli olan heç nə ilə ləkələnməmişdir. İnsan tövbə edərək günahdan azad olmasa, Ona yaxınlaşa bilməz.


Tanrı dürüstdür və tamamilə ədalətlidir. O heç zaman səhv etməz, heç kəsi haqqsız yerə mühakimə etməz və heç kəslə yanlış davranmaz. Bəzən insanlar dünyada baş verən qanunsuzluqlara baxanda Tanrını haqsızlıqda və laqeydlikdə günahkarlandırmaq istəyirlər. Lakin bu zaman onlar şeytanın varlığını, günah və pisliyin mövcudluğunu, insanın Tanrıya qarşı üsyanını, iradəsinin azadlığını və əxlaqi cavabdehliklərini unudurlar.


Tanrı həqiqətdir və O, yalan deyil. O, heç vaxt verdiyi sözdə yalancı olmaz. Nə Onun sözlərində, nə təbiətində, nə də işlərində yalan yoxdur. O nə edirsə, hamısı həqiqətdir və inama, etibara layiqdir. Müqəddəs Kitab Onun Kəlamı olduğuna görə, biz orada yazılan hər bir sözə inana bilərik. O, sadiqdir - vəd etdiyi hər şeyi yerinə yetirir. Tanrı təkcə sevgi ilə dolu deyil, O, sevginin özüdür. Tanrını heç bir şəxsi mənafe güdmədən, buna layiq olmayanları və bunu arzulamayanları belə xilas edib bərpa etməyə məhz Onun sevgisi vadar edir. 



İmanın Nikey etirafı


Biz yeri və göyü, görünən və görünməyən hər şeyi yaradan tək olan Tanrıya - Qüdrətli Ataya inanırıq. Və yaranmış deyil, Tanrıdan doğulmuş Tanrıya, İşıqdan doğulmuş İşığa, həqiqi Tanrıdan doğulmuş həqiqi Tanrıya, Atayla bir olan, əzəldən mövcud olan Atanın vahid Oğlu – Rəbbimiz İsa Məsihə inanırıq. Bizim üçün və bizim xilasımız naminə göylərdən enən, Müqəddəs Ruh vasitəsilə və bakirə Məryəmdən insan surətində doğulan İsa Məsihə inanırıq. Pontiy Pilatın hakimiyyəti dövründə əzab çəkmiş, basdırılan və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirilən, Göylərə qalxan və Atanın sağ tərəfində oturan, izzəti ilə ölüləri və diriləri mühakimə etmək üçün yenidən zühur edəcək İsa Məsihə inanırıq. Onun Padşahlığının sonu olmayacaq. Biz həyat verən, Ata və Oğuldan gələn, Ata və Oğulla bərabər ibadət etdiyimiz, peyğəmbərlər vasitəsilə danışan Müqəddəs Ruha inanırıq. Tək müqəddəs, ümumdünya və apostol Kilsəsinə inanırıq. Günahların bağışlanması üçün vahid xaç suyuna salınmanı iqrar edirik. Ölülərin dirilməsini və əbədi həyatı gözləyirik.

Amin.