Bazar günü xidməti

Hər bazar günü Yeni Həyat Kilsəsi, Tanrı izzətini, sevgisini və mərhəmətini car etmək üçün bir yerə toplaşır. "Şənbə gününü qeyd et" - Tanrının əmri belə səslənir. Tanrı həftənin 6 gününü insanın ixtiyarına verir. Amma yeddinci gün Ona məxsusdur. Bazar günləri bir imanlı olaraq, öz işlərimizi buraxıb, bütün vaxtımızı Qüdrətli Tanrı və Onun xalqı ilə keçirmək üçün Tanrı Evinə gəlirik.

Müqəddəs Ruh və bir-birimizlə olan birliyimiz nəticəsində böyük güc azad olunur. Tanrıya edilən mədhimizlə, mədh qurbanlarımızla göylərin qapısına yaxınlaşanda, Tanrı buna laqeyd qala bilmir. O, insanların həyatını dəyişən lütfünü üzərimizə yağdırır. Tanrı xəstələrə şəfa, zəiflərə güc, kasıblara bərəkət, asılı olanlara azadlıq, məhkum olunmuşlara ümid, ələm çəkənlərə sevinc, alçaldılanlara hörmət, rədd olunmuşlara sevgi verir. Kilsə - Tanrı Evində toplaşan Tanrı ailəsidir. Ona görə də, Onun Şahlığının bir parçası olub, tənha qalmaq qeyri-mümkündür.

Hər bazar günü xidmətində, pastor və xidmətkarlar canlı vəzlərlə bölüşürlər. Tanrıdan ilham almış bu vəzlər insanların vəziyyətini, halını dəyişməyə qadirdir. “Çünki Allahın Kəlamı canlı və təsirli, hər cür ikiağızlı qılıncdan itidir, o canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir” (İbr. 4:12). Məhz Kilsədə vəz olunan Tanrı Kəlamı insanların həyatını kökündən dəyişir, onları bərpa edir və Tanrı standartına qaldırır. Məhz Kilsədə, Tanrı bizim addımlarımızı istiqamətləndirərək, düzgün seçim etməyə kömək edir və düzgün yaşamağı öyrədir.

Tanrının istəyi odur ki, hər birimiz sabit olaq, Onun Evində olaq, Kilsədə kök salaq, Tanrı işlərində sədaqətlə və fəal iştirak edək. Ona görə də bazar günü xidməti - hər bir imanlı üçün, Kilsə tikintisinə cəlb edilmək üçün bir imkandır.


Yeni Həyat Kilsəsinin bazar günü xidməti, Kamera və orqan musiqisi Zalında, 28 May küçəsində keçirilir. Xidmət saat 15:00 başlayır.
Tanrı Evinə xoş gəlmisiniz!